Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentinə məktub ünvanlayıb.
APA-nın “Radifərda”ya istinadən məlumatına görə, prezident məktubunda İranın rabitə və informasiya texnologiyaları naziri vəzifəsinə ordu komandanı, general-mayor Məhəmməd Həsən Naminin namizədliyini irəli sürdüyünü açıqlayıb və ölkə qanunvericiliyinə uyğun olaraq millət vəkillərinin etimadını qazanması üçün səsverməyə qoyulmasını istəyib.
Qeyd edək ki, M.Əhmədinejad ötən il dekabrın 2-də ölkə Konstitusiyasının 135-ci maddəsini rəhbər tutaraq, ABŞ-ın “qara siyahısı”na düşmüş İranın rabitə və informasiya texnologiyaları naziri Rza Tağıpuru vəzifəsindən azad edib. İran prezidentinin digər sərəncamı ilə bu vəzifəyə hazırda yollar və şəhərsalma naziri vəzifəsini də icra edən Əli Nikzad təyin olunub. Ancaq İran parlamenti bir şəxsin iki vəzifəni icra etməsinin ölkə konstitusiyasına uyğun olmadığını əsas gətirərək bu qərara etimad göstərməyib.