Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad mayın 5-də Qərbi Azərbaycan vilayətinə səfər edib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, M. Əhmədinejad vilayətin mərkəzi Urmiya şəhərinin əhalisi qarşısında çıxışı zamanı “regionda stabilliyi pozmaq istəyən Qərb ölkələrinin və beynəlxalq sionizmin məkrli planlarından” danışıb: “Beynəlxalq güclər dünyada islamın imicinə zərbə vurmaq üçün regionun günahsız xalqlarına qarşı cinayətlər törədilməsinə göz yumurlar. Bölgədə müharibə yaratmaq məqsədilə terrorçuları maliyyələşdirir və silah-sursatla təmin edirlər. Müsəlman ölkələri başçılarına üzümü tutaraq deyirəm ki, tək Allah, ortaq bir peyğəmbər və bir kitaba malik olmaq bütün müsəlmanlardan islam düşmənləri qarşısında bir-birinin yanında durmağı tələb edir. İşğalçılıq, xalqları təhqir və onların təbii ehtiyatlarını qarət etmək dövrü sona çatıb. Hələlik bəzi müstəmləkəçi ölkələr xalqların sərvətinə göz dikiblər. Ona görə də ixtilaf yaratmağa əsaslanan yeni müstəmləkəçilik siyasətləri çərçivəsində xalqları bir-birinin canına salmaq və bu imkandan yararlanaraq onların sərvətlərini qarət etmək niyyətindədirlər”.
İran prezidenti həmçinin Suriya xalqı və hökuməti, həm hökumət tərəfdarları, həm də müxalifətinə tövsiyələr verib: “Onlar ölkənin problemini azad seçkilər keçirməklə və danışıqlarla dinc şəkildə həll etməlidirlər. Çünki qarşıdurma və qan axıdılmasının davam etməsi yalnız Suriyanın düşmənlərinin xeyrinədir”.
M. Əhmədinejad vurğulayıb ki, İran xalqının sanksiyaları təsirsiz hala gətirmək üçün özünün saysız təbii sərvətləri və ehtiyatlarından düzgün formada faydalanması düşmənləri məyus edib və əsəbiləşdirib.