Bakı. Könül Cəfərli-APA. İran prezidentliyinə potensial üç mühafizəkar namizəd bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində Əliəkbər Haşimi Rəfsəncaninin iştirak etmək ehtimalını qiymətləndiriblər. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin qudası, parlamentin keçmiş spikeri, “2+1” seçki koalisiyasının üzvü Qulaməli Həddad Adil bildirib ki, Rəfsəncaninin yaşında olsaydı, prezident seçkilərinə qatılmazdı.
İran parlamentinin sədr müavini, “Beşlik” seçki koalisiyasının üzvü Məhəmmədrza Bahünər deyib ki, Rəfsəncaninin prezident seçkilərində iştirak etməsi “ən böyük siyasi səhv” olardı”. Onun sözlərinə görə, Rəfsəncaninin İran prezidentliyinə namizəd olması məsləhət deyil.
İranın keçmiş daxili işlər naziri, “Beşlik” seçki koalisiyasının üzvü Mustafa Purməhəmmədi vurğulayıb ki, Rəfsəncani prezidentliyə namizədliyini irəli sürsə də, öz namizədliyini geri götürməyəcək: “Seçkilər azaddır və hər kəs bu marafonda iştirak edə bilər. Rəfsəncani dəfələrlə prezident seçkilərinə qatılmayacağını söyləyib”.
Qeyd edək ki, İranın tanınmış konservativ siyasətçilərindən biri olan H. Rəfsəncani parlamentin spikeri, ölkə prezidenti, Üləmalar Məclisinin (Ekspertlər Şurası) sədri vəzifələrində çalışıb, hazırda İran Məsləhət Şurasının rəhbəridir. Son günlər kuluarlarda onun İran prezidentliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı fikirlər səsləndirilməkdədir. Ancaq Rəfsəncaninin özü bununla bağlı hələlik heç bir açıqlama verməyib.