Azərbaycanda güclü bank sektoru olmadan güclü fintech ekosisteminin formalaşması mümkün deyil.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda əsas prioritet yalnız maliyyə xidmətlərinin rəqəmsallaşdırılması deyil, banklar, fintech təşkilatları, tənzimləyici qurumlar və bütün ekosistem iştirakçıları arasında güclü əməkdaşlıq mühitinin formalaşdırılmasıdır:
"Bizim məqsədimiz innovasiyaları təhlükəsizlik və etibarlılıq prinsipləri ilə uzlaşdırmaq, vətəndaşlar üçün daha əlçatan, daha sürətli və daha dayanıqlı maliyyə xidmətləri təqdim etməkdir", – deyə o vurğulayıb.
Assosiasiya sədri qeyd edib ki, fintech şirkətləri bankların rəqibi kimi deyil, onların innovasiya tərəfdaşı kimi çıxış edir.
"Fintech-lər bankların rəqibi deyil. Biz fintech-lər bankların innovasiya tərəfdaşlarıyıq. Güclü bank sektoru olmadan güclü fintech ekosistemi də formalaşa bilməz. Eyni zamanda innovativ fintech-lər olmadan bank sektorunun rəqabət qabiliyyətini uzunmüddətli qorumaq da çətinləşir. Azərbaycanın uğuru məhz bu tərəfdaşlığın güclənməsindən keçir", – deyə Edqar Abdullayev bildirib.
Onun sözlərinə görə, sağlam rəqabət və güclü tərəfdaşlıq maliyyə sektorunun dayanıqlı inkişafının əsas şərtlərindəndir.
Edqar Abdullayev onu da əlavə edib ki, Azərbaycan rəqəmsal maliyyə ekosistemini formalaşdıran əsas iştirakçılardan birinə çevrilib:
"Azərbaycan artıq təkcə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də maliyyə texnologiyaları və rəqəmsal ödənişlər sahəsində regionun inkişaf gündəmini formalaşdıran əsas oyunçulardan birinə çevrilməkdədir. Son illərdə Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə həyata keçirilən islahatlar, açıq bankçılıq təşəbbüsləri, Ani Ödəniş Sistemi, AzQR infrastrukturu, xüsusi tənzimləmə rejimi (sandbox) və digər rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi ölkədə innovasiyaların inkişafına ciddi təkan verib".
Assosiasiya sədri vurğulayıb ki, Prezident İlham Əliyevin bu ilin may ayında təsdiqlədiyi 2027–2030-cu illər üçün Maliyyə İnklüzivliyi üzrə Dövlət Proqramı da bu istiqamətdə yeni imkanlar yaradıb:
"Azərbaycanımızın rəqəmsal maliyyə ekosistemini artıq formalaşdıran iştirakçılarından birinə çevrildiyini əminliklə deyə bilərik. Bu isə dövlətimizin həyata keçirdiyi uzaqgörən iqtisadi siyasətin və innovasiyalara verilən dəstəyin real nəticəsidir. Qarşıdakı dövrdə əsas məqsəd banklar, fintech şirkətləri və tənzimləyici qurumlar arasında əməkdaşlığı daha da gücləndirmək, təhlükəsiz və etibarlı innovasiya mühitini inkişaf etdirmək, vətəndaşlara daha keyfiyyətli rəqəmsal maliyyə xidmətləri təqdim etməkdir".