Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı 2027–2030-cu illəri əhatə edəcək Maliyyə Sektorunun İnkişaf Strategiyasında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi əsas prioritet istiqamətlərdən biri olacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank hazırda 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasının son ilini icra edir və paralel olaraq növbəti dördillik strateji dövrün hazırlanması istiqamətində fəal iş aparır.
"2024-cü ildən maliyyə sektorunun inkişaf strategiyasının icrasına başlamışdıq. Hazırda həmin strategiyanın son ilini tamamlayırıq. Eyni zamanda 2027–2030-cu illəri əhatə edəcək növbəti strateji dövr üçün hazırlıq işləri aparılır. Rəqəmsallaşma ümumilikdə növbəti strateji dövrün ən vacib elementlərindən biri olacaq. Bununla yanaşı, süni intellektin tətbiqi də əsas prioritetlər sırasındadır. Çünki dünya üçün rəqəmsallaşma artıq yenilik deyil. Hazırda qlobal tendensiyalar süni intellektin geniş tətbiqinə doğru sürətlə inkişaf edir", – deyə o vurğulayıb.
F.Tofidinin sözlərinə görə, Mərkəzi Bankın qarşısında duran əsas vəzifələrdən biri maliyyə institutlarının rəqəmsallaşma səviyyəsini yüksəltməklə yanaşı, onların fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqini genişləndirməkdir.
O əlavə edib ki, yeni strateji dövrdə hazırda icra olunan layihələrin davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur.
"Rəqəmsal yetkinlik indekslərinin hazırlanması da planlaşdırılır. Bu, ən böyük layihələrimizdən biridir. Hazırda layihə təsdiq və hazırlıq mərhələsindədir. İlkin nəticələr əldə olunub və gələcəkdə həm media, həm də maliyyə sektoru bu barədə ətraflı məlumatlandırılacaq", – deyə departament direktoru bildirib.