Bakı. Könül Cəfərli - APA. “İran ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş agenti Robert Levinsonun tapılmasına yardım göstərməyə hazırdır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.
Onun sözlərinə görə, İran kəşfiyyat orqanları bununla bağlı ABŞ-a köməklik göstərə bilər.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti FTB-nin keçmiş agenti Robert Levinsonun İranın Kiş adasında itkin düşməsinin 6-cı ilində müraciət yayıb. Məlumatda R.Levinsonun tapılması üçün İrandan lazımi səylər göstərilməsi tələb edilib. Ancaq İran hökuməti 65 yaşlı R.Levinsonun saxlanıldığı yer haqqında heç bir informasiyaya malik olmadığını deyir. Bu da iki ölkə arasında gərginliyə səbəb olub.
R.Levinson 2007-ci il martın 8-də İranın Kiş adasında siqaret qaçaqmalçılığını araşdırarkən yoxa çıxıb, onun haradasa girov saxlanıldığı ehtimal edilir. R.Levinsona məxsus yayılmış sonuncu görüntüdə onun saqqallı və narıncı rəngli köynəkdə, daha çox Quantanamo həbsxanasının məhbuslarına bənzədiyi görünür. Hazırda 7 uşaq atası olan R.Levinsonun iki nəvəsi də var.