Bakı. Könül Cəfərli-APA. İran Üləmalar Məclisinin (Xübreqan) sədri, ayətullah Məhəmmədrza Məhdəvi Kəni mühafizəkarları (üsulgəralar) birləşməyə çağırıb. APA-nın BBC-nin fars redaksiyasına istinadən məlumatına görə, M. Kəni bildirib ki, mühafizəkarlar iyunun 14-də keçiriləcək prezident seçkilərində nəticə əldə etmək üçün ya bəzi səhvləri görməməzlikdən gəlməli, ya da bağışlamalıdır. İran Üləmalar Məclisinin sədri üsulgəralara seçkilərə 1-2 namizədlə getməyi tövsiyə edib.
Qeyd edək ki, indiyədək mühafizəkarlara yaxın 8 nəfərin prezident seçkilərində iştirak edəcəyi məlum olub. İran Məsləhət Şurasının katibi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı Möhsün Rzayi, sabiq xarici işlər naziri Mənuçehr Möttəki, keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Əli Fəllahian, parlamentin vitse-spikeri Məhəmmədrza Bahünər və İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani seçkilərdə namizəd olacağını açıqlayıb. İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti, parlamentin keçmiş spikeri Qulaməli Həddad Adel və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf “2+1” seçki koalisiyası yaradıblar. Koalisiya seçkilərdə ya öz namizədi ilə iştirak edəcək, ya da hansısa namizədi dəstəkləyəcəklər.