Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin keçirilməsində məqsəd problemləri müəyyənləşdirməkdir”.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif martın 19-da BMT-nin Vyanadakı ofisində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər arasında ikigünlük nüvə müzakirələri çərçivəsində dörd məsələ - Ərak ağır su nüvə reaktoru, uranın zəngləşdirilməsi, dinc məqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq və sanksiyaların aradan qaldırılması ətrafında fikir mübadiləsi aparılıb: “Bundan başqa heç bir məsələ müzakirə edilməyib. Danışıqlar ətraflı, dərin və faydalı oldu. Bu, ötən və hətta növbəti görüşlərdə məqsədimiz yekun razılığın əldə olunmasına nail olmaq üçün tərəflər arasında bütün problemləri müəyyən zamanadək müəyyənləşdirməkdir. İnşallah, növbəti danışıqlarda bütün mövzuları bir daha əhatə edəcəyimizə və müzakirə edəcəyimizə ümidvaram. Novruz bayramı tətilindən sonra Vyanada “İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri keçiriləcək. Biz də qısa fasilədən sonra məsələləri müzakirə etmək üçün Avstriyaya gələcəyik. Bu ilin aprelində konkret işə başlamağa, hətta yekun razılaşma sənədini də müzakirə etməyi qərara almışıq”.
M.C.Zərif deyib ki, Ərak ağır su nüvə reaktoru İranın nüvə proqramının bir hissəsidir və fəaliyyətini davam etdirəcək: “Tədqiqat reaktoru araşdırma və inkişaf mənasına gəlmir. Əgər bununla bağlı narahatlıq varsa, həmin şey aradan qaldırılmalıdır. İranın nüvə obyektlərinin sökülməsi ilə bağlı heç bir şeyi qəbul etməyəcək”.
İran xarici işlər naziri vurğulayıb ki, rəsmi Tehranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 7-9-da Vyanada keçiriləcək.