Bakı. Könül Cəfərli – APA. İranda 5 azərbaycanlı fəal həbs edilib. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, martın 2-də Salar Turi, Məhəmməd Xətibi, Məhəmməd Əmiri, Əli Şirnak və Adil (Nəcəf) Xəndanın Təbriz Məhkəməsinin 19-cu şöbəsində məhkəmə prosesi keçirilib. Hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılan azərbaycanlı fəallar barəsində həbs-qətimkan tədbiri seçilərək Təbriz həbsxanasına göndəriliblər.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 40-dan çox əməkdaşı fevralın 24-də axşam saatlarında Təbriz şəhərindəki Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqın edərək 45 nəfəri saxlayıb. Azərbaycanlı fəallardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıb. Ancaq digər 5 azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra fevralın 26-da axşam saatlarında zəmanətlə sərbəst buraxılıb.