Bakı. Real Cəfərli – APA. İranda Böyük Britaniyanın BBC teleradiosunun fars redaksiyası ilə əməkdaşlıqda günahlandırılaraq barələrində cinayət işi açılmış 25 prodüserə bəraət verilib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Kino Təşkilatının sədrinin hüquqi məsələlər üzrə müşaviri Behzad Ebtac bildirib.
Onun sözlərinə görə, həmin prodüserlərin istehsal etdikləri bütün sənədli filmlər araşdırılıb və onların inqilaba qarşı olmadığı sübuta yetirilib: “Bu səbəbdən hazırda ölkədə olan 25 prodüserə bütün ittihamlardan bəraət hökmü verilib”.
Qeyd edək ki, həmin 25 nəfərdən 10-u çəkdikləri sənədli filmləri pul qarşılığında BBC-nin fars redaksiyasına satıblar.