Bakı. Könül Cəfərli - APA. İran Budda heykəlciklərini “mədəni işğalın simvolu” kimi qiymətləndirərək mağazalardan toplamağa başlayıb.
APA-nın Almaniyanın “Deutch Welle” radiosunun fars redaksiyasına istinadən məlumatına görə, bununla bağlı paytaxt Tehran şəhərinin mağazalarında reydlər keçirilir.
İranın Mədəni Əsərləri Mühafizə Təşkilatının rəhbəri Səid Cabir Ənsari bildirib ki, ölkədə Budda heykəllərinin satılması “geniş mədəni işğal”dır: “Biz bu heykəllərin bir dini inancı yaymaqda olduğunu düşünürük. Ona görə də Tehran dükanlarında satılan bu cür heykəlləri müsadirə etmişik. Düşmən bu cür simvolları yayaraq xalqın dini inanc və həyat şəraitini dəyişdirmək istəyir”.
Qeyd edək ki, İranda bu heykəllər əsasən bəzək əşyaları kimi alınır. Bundan əvvəl də rəsmi Tehran Qərb mədəniyyətini özündə ehtiva etdiyi üçün “Barbie”, “Simpsons” və “Sindy” oyuncaqlarının satışını qadağan edib.