Bakı. Könül Cəfərli – APA. İranda islahatçı jurnalist azadlığa buraxılıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, “Mehrnamə” aylıq jurnalının əməkdaşı Məhəmmədcavad Ruh İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən martın 3-də axşam saatlarında evində həbs edilib. Evdə yoxlama aparılıb, jurnalistə məxsus kompüter, CD-lər və digər şəxsi əşyalar götürülüb.
Qeyd edək ki, ETTELAAT əməkdaşları yanvarın 26-dan bəri 20-dən çox jurnalisti həbs edib. Onların əksəriyyəti xarici kütləvi informasiya vasitələri, xüsusilə də BBC ilə əməkdaşlıqda günahlandırılıblar. Jurnalistlərin çoxu zəmanətlə azadlığa buraxılıb.