Bakı. Könül Cəfərli – APA. Fevralın 3-də İran parlamentində ölkə prezidenti Mahmud Əhmədinejadla spiker Əli Laricani arasında qalmaqala səbəb olmuş gizli audioyazı ilə bağlı iş açılıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İran Məhkəmə Hakimiyyətinin sözçüsü, ölkənin baş prokuroru Qulamhüseyn Möhsüni Ejeyi bildirib ki, bununla bağlı audioyazıda adı hallanan şəxslər - Fazil Laricani və Babək Zəncani məhkəməyə çağırılıb: “Bu işlə əlaqədar əlavə 4-5 nəfər də məhkəməyə çağırılıb və hazırda iş tərəfimizdən araşdırılır”.
Qeyd edək ki, qalmaqallı audioyazıdan sonra Əli Laricaninin qardaşı olan F. Laricani ittihamları təkzib edərək, səsin ona aid olmadığını bildirib. Ancaq gizli kameradan çəkilən videogörüntülərdə Tehranın sabiq prokuroru Səid Mürtəzəvi ilə söhbət edən şəxsin F. Laricani olduğu üzə çıxıb. Məhz qalmaqaldan sonra İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları fevralın 4-də axşam saatlarında işdən çıxıb evə gedərkən S. Mürtəzəvini həbs ediblər. Lakin videogörüntünün yayılmasından sonra sabiq prokuror fevralın 6-da səhər saatlarında azadlığa buraxılıb. Bu günlərdə isə İranın ali dini lideri, ayətullah Əli Xamneyi parlamentdə baş vermiş hadisəni tənqid edib. Bundan sonra İran prezidenti və parlamenti ali dini liderə üzrxahlıq və sədaqət məktubu yazıb.