Bank Of Baku

İranın BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbəri təyin edilməsi ABŞ-da narazılığa səbəb olub

İranın BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbəri təyin edilməsi ABŞ-da narazılığa səbəb olub
# 02 aprel 2014 12:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Həmid Abutalıbinin İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri təyin edilməsi ABŞ-da narazılığa səbəb olub.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının bir üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ancaq H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.

 

Bununla belə, artıq ABŞ-da respublikaçı və demokrat senatorlar İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbərinə viza verilməməsi üçün hərəkətə keçiblər. Hətta tanınmış respublikaçı senator Ted Kruz ABŞ Senatında çıxışı zamanı H.Abutalıbini terrorçu adlandırıb və onun ölkəyə girişinə mane olmaq üçün plan təqdim edib: “Bu plan ABŞ prezidentinə terror fəaliyyəti ilə məşğul olmuş bir şəxsin BMT-yə daxil olmaq məqsədilə viza almaq üçün təqdim etdiyi ərizəsinin geri çevrilməsinə icazə verir”. Bundan əlavə, digər tanınmış respublikaçı senator Con Makkeyn də H.Abutalıbinin İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri təyin edilməsinin təhqiredici addım kimi dəyərləndirib.

 

Qeyd edək ki, H.Abutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H.Abutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR