Bakı-APA. İranın cənubunda bu gün Bakı vaxtı ilə 06:58-də yenidən zəlzələ qeydə alınıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, 5,6 bal gücündə yeraltı təkanlar 10 km dərinlikdə, episentri isə Buşəhr şəhərindən 94 km cənubda qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, İranın Buşəhr vilayətində aprelin 9-da 6,3 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 37 nəfərə çatıb, 850 nəfər isə xəsarət alıb.
İranın IRNA rəsmi informasiya agentliyinin xəbərinə görə, təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hormuc şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb.