Bakı. Könül Cəfərli - APA. “Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişəsi uzun illərdir davam edir və getdikcə kompleks bir hal alır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bildirib.
Onun sözlərinə görə, İran iki ölkə arasında davam edən Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün hər cür əməkdaşlıq və köməyə hazırdır”.
İran və Ermənistan arasında köklü və tarixi əlaqələrin olduğunu deyən səfir vurğulayıb ki, qarşılıqlı əlaqələrdə hörmət əsas prinsipdir: “İran qonşu və bölgə ölkələri ilə əlaqələri inkişaf etdirməyə üstünlük verir. İran regional və beynəlxalq məsələlərdə qarşılıqlı hörmətin qorunmasının tərəfdarıdır. İran və Ermənistan arasında əlaqələrin inkişafı iki ölkənin faydasına olacaq. İki ölkə başqa dövlətlərin müdaxiləsi olmadan ikitərəfli əlaqələri inkişaf etdirmək istəyir”.