Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejadla ölkənin ilk prezidenti Əbülhəsən Bənisədrin hakimiyyəti illəri arasında bənzərlik aparılması hökumətdə ciddi narazılığa səbəb olub.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İranın vitse-prezidenti Məhəmmədrza Mirtacəddini belə bir bənzətməni siyasi əxlaqsızlıq adlandıraraq, məsələnin gündəmə gətirilməsinin yaxşı olmadığını bildirib.
Hökumət sözçüsü Qulamhüseyn İlham isə deyib ki, Ə.Bənisədr və M.Əhmədinejadın prezidentliyi dövrünü bir-birinə bənzətmək təxribat ssenarisidir: “Bənisədrin yeritdiyi siyasət tamamilə inqilabın təməllərinə zidd idi. Ancaq Əhmədinejadın inqilabın dəyərlərinə bağlılığı heç bir dövrlə müqayisə edilə bilməz. Ona görə də mən burada heç bir bənzərlik görmürəm. Həmin vaxt xalq Bənisədrə qarşı durmuşdu. Ancaq Əhmədinejad xalqın içərisindən gəlib və qanunları da pozmayıb. Ona görə də belə bir ssenarinin ortaya atılması yaxşı hal deyil. Bənisədrin prezidentliyi heç iki il də sürməyib. Ölkə rəsmilərilə ixtilaflarına görə parlament ona impiçiment elan edib”.
Qeyd edək ki, ölkənin mühafizəkarlar qanadında təmsil olunan İran İslam Mötəlifə Partiyasının tanınmış üzvü Həbibullah Əsgəroladi ölkənin bugünkü durumunun tamamilə Bənisədrin prezidentliyi dövründəki vəziyyətlə eyni olduğunu bildirib.
Əbülhəsən Bənisədr İran İslam inqilabından bir il sonra, yəni 1980-ci ilin fevralında ölkə prezidenti seçilib. Ancaq az sonra onunla İslam Respublikası Partiyasının üzvləri və İran İslam Respublikasının qurucusu, ayətullah Xomeyni arasında ixtilaflar yaranıb. Bənisədr 1981-ci il iyunun 21-də impiçment yolu ilə prezident postundan uzaqlaşdırılıb. Bundan sonra o, Fransaya mühacirət edib.