Bakı. Könül Cəfərli – APA. Bakıda səfərdə olan İranın Mazandaran vilayətinin valisi Seyid Əliəkbər Tahayi martın 1-də Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev ilə görüşüb. APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə İranla Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb.
B. Əliyev İranın malik olduğu iqtisadi potensiallara, o cümlədən Mazandaran vilayətinin kənd təsərrüfatı sənayesi sahəsində sahib olduğu təcrübələrə toxunaraq, bu təcrübələrin iki ölkə arasında mübadilə edilməsinin vacib olduğunu bildirib. Nazir müavini həmçinin maldarlıq sahəsinə investisiyanın yatırılması və İranın bununla bağlı təcrübələrini Azərbaycanla bölüşdürməsini istəyib.
Ə. Tahayi isə aqrar sənayesi sahəsində İranın elmi-texniki nailiyyətlərindən söhbət açıb: “İranın Mazandaran vilayəti və digər ərazilərində malik olduğu potensialları nəzərə alsaq, Tehranla Bakı arasında aqrar sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün aydın perspektivlərin mövcud olduğunu söyləyə bilərik”.