Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi BMT baş katibi Pan Gi Muna məktub göndərib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, Ə.Salehi məktubunda Suriyadakı böhranın dərinləşməsi barədə xəbərdarlıq edərək, regionu təhlükəli vəziyyətə sürükləyən bu böhranın dinc yolla qarşısının alınması üçün BMT-nin dərhal ciddi addımlar atmasını tələb edib.
İran xarici siyasət idarəsinin rəhbəri həmçinin Suriyanın paytaxtı Dəməşq şəhərində vətəndaşların bir neçəsinin həlak olması və yaralanması ilə nəticələnən terror aktını da pisləyib: “Bütün ölkələr, BMT və dünya ictimaiyyəti Suriyada cərəyan edən terror aktları və qarşıdurmaların dayandırılması haqda öz məsuliyyətlərini yerinə yetirməlidirlər. Çünki qarşıdurmalar və terror aktlarının davam etməsi Suriya xalqının zərərinədir. Bu, problemin siyasi yolla həllinə də mane olur”.
Ə.Salehi həmçinin məktubunda ABŞ-ın Suriyada baş verən cinayətlərin BMT tərəfindən pislənməsinə qarşı çıxmasını bu ölkənin terrorizmlə mübarizənin aparılmasında ikili standartlardan çıxış etməsinin göstəricisi olduğunu vurğulayıb: “İran regional və beynəlxalq çərçivədə Suriyadakı böhranın həll edilməsinə hazırdır”.