Bakı. Könül Cəfərli – APA. İran parlamentinin 252 deputatı nüvə proqramıyla bağlı birgə bəyanat yayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bəyanatda İranın nüvə fəaliyyətini əsla dayandırmayacağı bildirilib.
Qeyd edilib ki, İran “altılıq” ölkələri ilə Qazaxıstanda keçiriləcək görüşdə beynəlxalq qanunlar və NPT çərçivəsində nüvə enerjisindən istifadə haqqını və milli mənafeyini çox ciddi bir şəkildə müdafiə edəcək: “NPT üzvləri də nüvə enerjisi haqqımızı dəstəkləməlidirlər. ABŞ İrana qarşı psixoloji müharibəni bütün gücü ilə davam etdirir və qanunsuz bəyanatlar yayaraq sanksiyalar tətbiq edir. İran xalqı isə İslam inqilabının 34-cü ildönümündə dövlətimizə dəstək nümayiş etdirərək düşmənlərə qarşı ağır bir zərbə endirdi. ABŞ və müttəfiqləri İranın nüvə haqqını tanımalı və dövlətimizə qarşı düşməncə siyasətdən əl çəkərək məntiqli siyasət yürütməlidirlər”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti görüş fevralın 26-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək.