Bakı. Real Cəfərli-APA. ABŞ-ın sabiq diplomatları İrana qarşı diplomatiya yolundan kənara çıxmaması tələbi ilə bu ölkənin prezidenti Barak Obamaya məktub yazıblar.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, 29 sabiq diplomatın imzasının olduğu məktubda İranın yeni prezidenti Həsən Ruhaninin mülayim xarakterə malik olması böyük fürsət kimi qiymətləndirilib. Məktub müəllifləri ABŞ-ı bu imkandan yararlanaraq İranla bir neçə istiqamətdə və ya ikitərəfli müzakirələrə başlamağa çağırıblar. Keçmiş diplomatlar həmçinin razılığın əldə olunması üçün ABŞ-dan İrana qarşı iqtisadi sanksiyaları yüngülləşdirməyi də tələb ediblər.
Qeyd edək ki, məktubu imzalayanlar arasında ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi Tomas Pikerinq, keçmiş dövlət katibi Hillari Klintonun sabiq baş müşaviri An Mari Slater və keçmiş dövlət katibi Kolin Pauelin informasiya rəhbəri işləmiş Lari Vilkerson da var.