Bakı. Real Cəfərli - APA. İran, Əfqanıstan, Tacikistan və Pakistan prezidentlərinin dördtərəfli görüşü keçirilib.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, görüş martın 27-də Kabil şəhərində keçirilən IV Beynəlxalq Novruz Festivalı çərçivəsində baş tutub.
Əfqanıstan Prezident Sarayında bir araya gələn Həsən Ruhani, Həmid Kərzayi, İmaməli Rəhman və Məmnun Hüseyn fars dilinin gücləndirilməsi və Novruz bayramı kimi adət-ənənələrin qorunmasını zəruri sayıblar. Eyni zamanda tərəflər Novruz bayramını dostluq və sülhün simvolu adlandırıb, regionda sabitliyin qorunmasını vurğulayıblar. Onlar həmçinin dörd ölkə arasında da əlaqələrin bütün sahələrdə genişləndirilməsini vacib sayıblar.
Qeyd edək ki, tədbirdə İran, İraq, Pakistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Ermənistan, Özbəkistan, Qazaxıstan və Hindistanın yüksək səviyyəli rəsmiləri iştirak edir. Azərbaycanı festivalda baş nazirin müavini Elçin Əfəndiyev təmsil edir.