APA-nın məlumatına görə, bu fikirləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maykl Mann deyib.
O bildirib ki, “altılıq” ölkələri İranın uranı zənginləşdirmə haqqını tanımağa hazırdır: “ Lakin bunun üçün Tehran nüvə proqramının sülh məqsədli olduğunu dünya ictimaiyyətinə təsdiq etməlidir. Danışılan sözlərlə əməllərin uyğun olması mühümdür. Dünya ictimaiyyətinin narahatçılığına son qoymaq üçün addımlar atılmalıdır. “Altılıq” ölkələri planlaşdırıldığı kimi müzakirələrin sabah da davam edəcəyini gözləyir”.
M. Mann əlavə edib ki, “altılıq” ölkələri İrandan təklif gözləyir: “ Biz danışıq xətrinə danışıq keçirmək istəmirik. Gərək müzakirələrdə irəliləyiş əldə olunsun. İranın nüvə proqramıyla bağlı “altılıq” ölkələrinin daha öncə etdiyi təklifin dəyişəcəyini sanmıram. İranlılar çox şey haqqında danışırlar. Lakin onlar heç bir yeni təklif irəli sürməyiblər. Müzakirələr masasında yalnız bizim fevral ayında etdiyimiz təkliflər var. Hazırda nüvə probleminin tənzimlənməsi üçün Tehran tərəfdən heç bir yeni təklif yoxdur”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında müzakirələr bu gün Qazaxıstanın Almatı şəhərində keçirilir.