Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələrinin tarixi açıqlanıb.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla bu gün Vyanada keçirdiyi birgə mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında fevralın 17-19-da keçirilmiş nüvə müzakirələrinin sonunda danışıqların gündəliyi və çərçivəsi ilə birgə bəyanat imzalanıb: “Tərəflər martın 3-7-də Vyanada ekspertlər səviyyəsində bir araya gələcək. Siyasi müzakirələr isə martın 17-də olacaq”.
M.C.Zərif deyib ki, nüvə danışıqlarında fikir müxtəlifliyinin olması təbiidir: “Bu səbəbdən müzakirələrdə İran heç kimin müəyyən bir mövzunu ona sırımasına icazə verməyəcək”.
İran XİN rəhbəri vurğulayıb ki, üçgünlük müzakirələrdə konkret razılaşma və yekun razılığa nail olmaq üçün lazım və zəruri olan mövzularla bağlı fikir mübadiləsi aparılıb: “Danışıqlarda siyasi səviyyədə irəli sürülən mövzularla yanaşı, texniki məsələlər barədə də müzakirələr aparılıb”.