Bakı - APA. “İran-Qərb münasibətləri kifayət qədər gərgin dövrə qədəm qoyub”. APA-nın xəbərinə görə, bunu politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, İran bir tərəfdən ABŞ-a birbaşa danışıqlar təklif edir, digər tərəfdən İsrailin Qəzza sektorundakı fəaliyyəti davam edir: “İsrailin son aylardakı fəaliyyəti İranı qıcıqlandırmaqla müharibəyə cəlb etməyə yönəlib: “İsrailin bu taktikasını indiki halda özü üçün uğursuz adlandırmaq düzgün deyil. “Hiylə”, “böhtan”, “məkr” kimi terminlər İran siyasətində hədsiz çox işlənsə də, Qərb bu məsələdə İranı öz metodu ilə məğlub edir. İran nüvə texnologiyaları ilə bağlı danışıqların yubanmasını özünün taktikası seçmişdi. İndi bəlli olur ki, bu taktikada İran deyil, Qərb udub. İranın ABŞ-a birbaşa danışıq təklifi etməsi bunun ən yaxşı sübutudur”.
M.Əhmədoğlu qeyd edib ki, İranla Qərbin arasında əsas problem inamsızlıqdır: “Yalanı dini ehkam, dövlət siyasəti ranqına yüksəldən İrana Qərb inana bilməz. İranın ABŞ-a birbaşa dialoq təklifi də ilk dəfə deyil. Sonradan İran həmişəki kimi yalan danışıb və ya ağırlaşdırıcı şərtlər irəli sürüb. İranda dini rəhbərlik və prezidentin Qərbə qarşı apardığı təbliğat əhalidə ciddi mənəvi böhranın əsasını qoyub. Qərbə qarşı mübarizə aparan İran rəhbərliyi ölkədə valyuta ehtiyatı yaratmalı olduğu halda, taxıl və toyuq yemi kimi məhsulları da xaricdən idxal edirmiş. Yaranmış vəziyyət İranla Qərbin arasındakı düyünün açılmasını şərait yaradır. Bu ehtimal güclü olsa da, İranın bir müddətdən sonra Qərbi yenidən aldatmayacağına təminat vermir”.
Politoloqun fikrincə, İranın dini-siyasi elitasında və cəmiyyətində ciddi dönüşün üç əlaməti mövcud ola bilər. Bu üç addımın atılması tərəflər arasında müəyyən qədər inam və etimad resursu yarada bilər: “Birincisi, İranda qadın azadlığı məsələsi patoloji həddədir. İranda qadınlarına olan aşağılayıcı münasibəti İslam dinindən əvvəl bədəvi ərəblərin yeni doğulan qızları diri-diri basdırmaları ilə müqayisə etmək olar. İran rəhbərliyi dəyişilirsə, bu dəyişiklik ilk növbədə özünü qadın azadlığında göstərməlidir. İran qadınlarına geyim və təhsil azadlığı verilməli və reallaşdırılmalıdır. İkincisi, İslam dininin “bütün müsəlmanlar qardaşdır” ehkamı İranda bütün milli azlıqların hüquqlarının məhdudlaşmasına xidmət edir. İran İslam Respublikasında milli özünüdərk dinə tabe edilib. İranda Azərbaycan, kürd, bəluc və sair dillərdə məktəblər açılmalı, orta və ali təhsil almağa hüquqi baza və şərait yaradılmalıdır. Üçüncüsü, İran şübhəli nüvə obyektlərini texniki-fiziki baxımdan söküb dağıtmalıdır. Əhalinin iştirakı ilə baştutan bu proses televiziya vasitəsilə canlı yayımlanmalıdır. Bu addımları atmayan İran iqtidarının gələcəkdə nüvə texnologiyası sahəsində nəyisə dəyişəcəyinə ümid etməyə heç bir əsas yoxdur. Hesab edirəm ki, Qərbin İrana qarşı yürütdüyü indiki taktika nəticə verir və onu normal dövlətlər sırasına qoşa biləcək”.