Novruz bayramı şənliklərində Təbriz və Xiyavda qarşıdurmalar olub, yaralanan və həbs edilənlər var

Novruz bayramı şənliklərində Təbriz və Xiyavda qarşıdurmalar olub, yaralanan və həbs edilənlər var
# 20 mart 2013 09:30 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda Ərdəbil vilayətinin Xiyav (Meşkinşəhr) şəhərində əhali ilə polis arasında qarşıdurma baş verib.

Bu barədə APA-ya əslən Xiyavdan olan, hazırda isə Türkiyədə yaşayan hüquq müdafiəçisi Yaşar Əsədi məlumat verib. O bildirib ki, qarşıdurma zamanı polis bibər qazından istifadə edib: “Mən Xiyavda yaşayan bir neçə azərbaycanlı fəalla əlaqə saxladım. Onlar xəbəri təsdiq etdilər. Martın 19-u bizim şəhərdə də ilaxır çərşənbə bayram kimi qeyd edilir. İnsanlar şəhərin küçələrinə çıxaraq şənlik ediblər. Daha sonra “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Yaşasın Azərbaycan!” kimi milli şüarlar səsləndirməyə başlayıblar. Bundan sonra İran təhlükəsizlik qüvvələri onlardan dağılışmağı tələb edib. Xəbərdarlığa baxmayaraq, gənclər şənliyi davam etdiriblər.

Nəticədə təhlükəsizlik qüvvələri onlara hücum edib və tərəflər arasında qarşıdurma baş verib. Hər iki tərəfdən yaralananlar var. Təhlükəsizlik qüvvələri bir qrup gənci həbs edib. Lakin əhalinin “Şərəfsiz, şərəfsiz!” kimi şüarlarından sonra bir neçə gənci azad edib, digərlərini naməlum istiqamətə aparıblar. Həbs edilənlərin kimliyi ilə bağlı hələlik məlumat yoxdur”.

Y. Əsədi əlavə edib ki, Təbrizdə də əhali küçələrə çıxaraq, milli və siyasi məzmunlu şüarlar səsləndiriblər: ““Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Nə solçuyam, nə sağçı, millətçiyəm millətçi!", “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” kimi şüarlar səsləndiriblər. İran təhlükəsizlik qüvvələri əhalini dağıtmaq üçün bibər qazından, plastik güllələrdən istifadə edib. Nəticədə yerli camaatla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Lakin həbs edilənlərin olub-olmaması ilə bağlı hələlik məlumatımız yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR