Bakı. Real Cəfərli – APA. “İranlı sərhədçinin öldürülməsi təəssüf doğurur”.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm deyib.
Onun sözlərinə görə, Pakistan hökuməti bu məsələdə məsuliyyət daşıyır: “Çünki rəsmi İslamabad tərəfindən bununla bağlı indiyədək heç bir ciddi addım atılmayıb. Biz Pakistan hökumətindən terrorçuların həbs olunması və iranlı sərhədçilərin təhlükəsizliyinin zəmanəti məsələsində ciddi addımlar gözləyirik”.
M. Əfxəm deyib ki, İran sərhədlərin təhlükəsizliyi, nəzarət və terrorçularla mübarizə sahəsində Pakistanla hər cür əməkdaşlığa hazırdır.
Bu arada Pakistan səfiri məsələ ilə bağlı bu gün səhər saatlarında İran Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Tehranın narazılığı diplomatın diqqətinə çatdırılıb.
Eyni zamanda İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli Pakistan hökumətini iranlı sərhədçilərlə bağlı məsuliyyətli olmağa, daha məntiqli addımlar atmağa və beynəlxalq qanunlar çərçivəsində qonşuluq prinsiplərinə əməl etməyə çağırıb. Əks təqdirdə nazir İranın digər variantlara əl atacağını istisna etməyib.
Bundan əlavə, BMT baş katibi Pan Gi Mun iranlı sərhədçinin öldürülməsini qətiyyətlə pisləyib və İran hökumətinin sərhədçilərin xilas edilməsi istiqamətindəki səylərinin uğurlu olacağına ümid edib.
Qeyd edək ki, bu il fevralın 6-da İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətində “Ceyşul Ədl” silahlı qruplaşması tərəfindən 5 iranlı sərhədçi oğurlanaraq Pakistana aparılıb. Bir neçə gün öncə onlardan biri Cəmşid Danaifərin qətlə yetirildiyi xəbəri yayılıb. İran prezidenti Həsən Ruhani də Pakistan hakimiyyətindən sərhədçilərin azad olunması üçün tədbirlər görməsini tələb edib.