Bank Of Baku

Salehi: “İranla Böyük Britaniya arasında münasibətlərin bərpası üçün heç bir problem yoxdur”

Salehi: “İranla Böyük Britaniya arasında münasibətlərin bərpası üçün heç bir problem yoxdur”
# 02 aprel 2013 09:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranla Böyük Britaniya arasında münasibətlərin bərpası üçün heç bir problem yoxdur”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi “Mashreghnews” xəbər portalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, ölkə parlamenti bununla bağlı İran Xarici İşlər Nazirliyinə tam səlahiyyət verib: “Bizim üçün heç bir problem yoxdur. Hətta biz dəfələrlə Böyük Britaniya rəhbərliyindən İrandakı səfirliyinin fəaliyyətə başlaması üçün müvəqqəti işlər vəkilini Tehrana göndərmələrini istəmişik”.

 

Ə.Salehi deyib ki, 4 ay əvvəl Əfqanıstanda Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə görüşüb: “Görüşdə iki ölkə arasında münasibətlərlə yanaşı, regional məsələləri də müzakirə etmişik”.

 

İran xarici siyasət idarəsinin rəhbəri 2011-ci ilin noyabrın 29-da Böyük Britaniyanın Tehrandakı səfirliyinə edilən hücuma da toxunub: “Bu, ağır hadisə idi və belə hadisə baş verməməli idi. Hadisə baş verən zaman mən Ciddə şəhərində Suriyada diplomatik korpusların təhlükəsizliyi ilə bağlı rəsmi Dəməşqi müdafiə edirdim. Bu xəbəri eşitdim və Böyük Britaniyanın xarici işlər naziri ilə telefonla danışıb öz təəssüf hisslərimi bildirdim. Mən baş verən hadisəni pisləyirəm. Çünki dünyada mövcud olan beynəlxalq qaydalara mütləq əməl edilməlidir. Düşmənlərlə də münasibət gərək öz qaydalarına görə aparılsın”.

 

Qeyd edək ki, 2011-ci ilin noyabrın 29-da bir qrup radikal islamçı Tehranın Firdovsi küçəsində yerləşən Böyük Britaniya səfirliyinə hücum edib, nümayişçilər diplomatik korpusun divarlarını aşaraq içəriyə daxil olub və hər şeyi dağıdıblar. Aksiya iştirakçıları arasında bir neçə millət vəkili də olub. Ancaq İran rəsmilərindən heç biri hadisəni pisləməyib. Nəticədə Böyük Britaniya Tehrandakı səfirliyini bağlayıb və Londondakı İran səfirliyinin bütün diplomatlarını da ölkədən çıxarıb. Hadisə beynəlxalq təşkilatlar və Qərb ölkələri tərəfindən pislənib, BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı qətnamə qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR