Bakı-APA. Uranın, istər 5 istərsə də 20 faiz zənginləşdirilməsi, Tehranın ayrılmaz haqqıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranla “altılıq” ölkələri arasında Almatıda iki gün davam edən danışıqların yekunlarına dair brifinqdə İranı danışıqlarda təmsil edən nümayəndə heyətinin rəhbəri, İran Ali Milli Təhlükəsizlik Şurası katibi Səid Cəlili bəyan edib.
Qeyd edək ki, İranla nüvə müzakirələri aparan altı ölkə (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) fevralda bəyan edib ki, əgər İran Fordu şəhərindəki obyektində uranın 20 faizədək zənginləşməsini dayandırsa və bu obyekti tam bağlasa Tehrana qarşı sanksiyalar yumşaldıla bilər.
“Bir dəfələrlə qeyd etdiyim kimi, biz hesab edirik ki, uranın, istər 5 istərsə də 20 faiz zənginləşdirilməsi İran xalqının ayrılmaz haqqıdır. Biz bunu danışıqlarda da qeyd etdik. Moskva toplantısında kompleksli plan irəli sürülmüşdü. Biz bildirdik ki, biz hesab edirik ki, uranın zənginləşdirilməsi İran xalqının haqqının bir hissəsidir və biz onu İran xalqının haqlarına və tələbatlarına uyğun istifadə etmək niyyətindəyik. Lakin əməkdaşlıqla bağlı məsələlər gələcək danışıqlarda müzakirə oluna bilər”, deyə o bildirib.
“Biz bu təşəbbüsü irəli sürdük və bu gün həmçinin bu ideyalar barədə danışmağa və tədqiq etməyə hazır olduğumuzu bildirdik. Bu ideyalar yeni mərhələnin başlanğıcı ola bilər”, deyə Cəlili əlavə edib.
Onun sözlərinə görə, “altılıq” bəyan edib ki, İranın irəli sürdüyü təklifləri danışıqlarda iştirak edən ölkələrin paytaxtlarında müzakirə olunacaq.
Martın 5-də, danışıqlardan əvvəl Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Maykl Mann jurnalistlərə açıqlamasında bildirib ki, “altılıq” İranın dinc nüvə proqramına haqqını tanımağa hazırdır, lakin Tehran beynəlxalq ictimaiyyətə sübut etməlidir ki, onun nüvə proqramı istisna olaraq dinc xarakter daşıyır.