Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin dialoqdan imtina etdiyini söyləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN başçısı mart ayında Suriya müxalifətinin lideri Muaz əl-Hattipi Moskvaya dəvət etdiyini söyləyib: “Əl-Hatip Suriya lideri Bəşər Əsədin istefa verməsindən sonra hökumətlə dialoqa gedə biləcəyini bildirdi. O bunu şərt kimi irəli sürdü və Moskvaya səfərini təxirə saldı. Bir neçə gün əvvəl Suriya müxalifəti ölkənin gələcəyi üçün hökumətlə görüşə biləcəklərini ifadə etmişdi. Lakin sonradan onlar bu fikirlərindən daşındılar”.
S.Lavrov Rusiyanın Suriya münaqişəsinin sülh yolu ilə həllindən başqa yol görmədiyini və bu yoldan heç vaxt imtina etməyəcəklərini söyləyib. Bu gün Berlində ABŞ dövlət katibi Con Kerri ilə görüşəcəyini söyləyən Rusiya XİN başçısı bildirib ki, Suriya konflikti ABŞ dövlət katibi ilə görüşün əsas mövzusu olacaq.