Bakı-APA. Suriya hakimiyyəti hesab edir ki, Dəməşqdə bu gün 50 nəfərin ölümü 200-dən çox insanın yaralanması ilə nəticələnən irimiqyaslı terror aktını “Əl Qaidə” ilə əlaqəli terrorçu qruplaşma törədib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatla Suriya XİN çıxış edib.
“Dəməşqdəki terror aktını “Əl Qaidə” ilə əlaqəli və xaricdən maliyyələşən terrorçu qruplaşma törədib”, deyə XİN bəyanatında qeyd olunub.
Xatırladaq ki, Suriyanın paytaxtı Dəməşq şəhərinin mərkəzində bu gün baş verən partlayış nəticəsində azı 53 nəfər ölüb, 200-dən çox insan isə yaralanıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hakimiyyətdəki BƏƏS Partiyası Mərkəzi Komitəsinin binasının yerləşdiyi İmam meydanının girişində kamikadze-terrorçu içinə bomba yerləşdirilmiş avtomobili partladıb. Nəticədə 400 metr radiusda yerləşən binalara ciddi zərər dəyib, çoxlu sayda avtomobil zərər çəkib. Partlayış baş verən yerdə 3 metrlik iki çuxur əmələ gəlib.
Suriya müxalifət və inqilabi qüvvələrin Milli koalisiyası terror aktını qəti pisləyib.