Bakı-APA. Suriya hökuməti müxalifətlə danışıqlar aparacaq heyəti müəyyən edib. Bu heyətə Suriyanın baş naziri Vael əl Halki, baş nazirin birinci müavini Kadri Cəmil və daha üç nazir daxildir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Kommersant” qəzeti məlumat verib.
Xatırladaq ki, Fransa XİN rəhbəri Loran Fabius bu günlərdə bəyan edib ki, Süriya hökuməti tərəfindən danışıqlarda iştirak edəcək nümayəndələri müəyyən etmək üçün Paris və Vaşinqton Moskva ilə məsləhətləşmələr aparıb. Sonradan ABŞ Dövlət Departamentində qeyd ediblər ki, tərəflər yalnız müxalifətə dialoq apara biləcəkləri hökumət nümayəndələrini müəyyən etməkdə yardım edirlər, seçim hüququ isə suriyalıların üzərində qalır.