Bakı-APA. Suriya müxalifətinin lideri Moaz əl Hatib Rusiyaya getməkdən imtina edib. Qeyd edək ki, Rusiya XİN-i bir qədər əvvəl Suriya müxalifətinin liderini Moskvaya danışıqlara dəvət edib. Üsyançıların başçısı aldığı təklifə Rusiya XİN rəhbəri Sergey Lavrovdan Bəşər Əsəd rejimini dəstəklədiyinə görə üzr istəməsini tələb edib. APA-nın məlumatına görə, bu barədə France 24 telekanalı məlumat yayıb.
“Moskvaya dəvət bizim üçün yenilik deyil”, deyə jurnalistlərə açıqlamasında Suriya Milli Şurasının səfiri Monzer Maxous bildirib. “İki həftə əvvəl də Rusiya XİN rəhbəri Moaz əl Hatibi Moskvaya dəvət etmişdi, lakin o səfər etməyə razı olmayıb”, deyə o vurğulayıb.
Moaz əl Hatib “Al Jazeera” telekanalına açıqlamasında bundan sonra da Rusiya ilə danışıqlarda kəskin mövqedən çıxış edəcəyini bildirib.
“Biz konkret bildirdik ki, Moskvaya getmək niyyətimiz yoxdur. Biz Rusiya tərəfi ilə hər-hansı bir ərəb dövlətində görüş keçirə bilərik, lakin müzakirə olunacaq məsələləri əvvəlcə razılaşdırdıqdan sonra. Mən nazir Lavrovdan “Suriya xalqı öz taleyini hər-hansı xarici müdaxilə olmadan özü həll etməlidir” sözlərinə görə üzr istəməlidir. Rusiya müdaxilə edir, Suriyada əsl qətliam gedir, onlar isə buna sanki bir əyləncə kimi baxırlar”, deyə müxalifətçi iradını bildirib.
“Əgər biz Suriya xalqının nümayəndəsi deyiliksə, onda onlar niyə bizi dəvət edirlər? Əgər nümayəndəsi sayılırıqsa, onda niyə Rusiya indiyədək Əsədin barbar rejimini pisləməyib və ona hakimiyyətdən getmək barədə göstəriş verməyib? Bunlar danışıqların başlanmasının prinsipial şərtləridir”, deyə müxalifət lideri əlavə edib.