Bakı-APA. Suriyanın İdlib vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus 2 hərbi təyyarə vurulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” Londonda yerləşən “İnsan hüquqlarının riayətinə monitorinq üzrə Suriya mərkəzi”nə (OSDH) istinadən məlumat verir.
Məlumata görə, təyyarələr üsyançıların nəzarətdə saxladığı ərazilərə zərbələr endirərkən vurulub.
Qeyd edək ki, son həftələr Suriyadakı müxalifət qüvvələri xeyli fəallaşıb. Belə ki, fevralın 14-də silahlılar İdlibdən Dəməşqə yollanan içərisində 45 sərnişin olan avtobusu girov götürüblər. Fevralın 10-da isə üsyançılar Fərat çayında yerləşən ölkənin ən iri bəndini ələ keçiriblər.