Bakı. Real Cəfərli - APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi ölkə prezidenti və Nazirlər Kabinetinin üzvləri ilə görüşüb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, ayətullah Xamneyi bildirib ki, hökumətin fəaliyyəti görməzlikdən gəlinməməlidir: “Son 8 ildə hər kəs prezident və iş yoldaşlarının çətinliklərə dözərək daha əvvəlki hökumətlərə nisbətən daha iri həcmli və sürətli işlər reallaşdırdığını müşahidə edib və bu da təqdirəlayiqdir”.
Onun sözlərinə görə, İslam inqilabı şüarlarının möhkəmləndirilməsi və gündəmə gətirilməsi lazımi bir işdir: “İslam inqilabının əleyhinə olan qruplar bu şüar və şüarların rəngsizləşdirilməsi, əhəmiyyətinin yox edilməsi və tədricən dəyərdən düşməsi üçün çox səy göstərdilər. Ancaq buna müvəffəq ola bilmədilər. Bunun başlıca səbəbi isə bu şüar və dəyərlərin sabit qalmasında mərhum ayətullah Xomeyninin cəhdləridir”.
Ayətullah Xamneyi deyib ki, ölkə daxilində və xaricində islam inqilabı dəyərləri və şüarlarının ön plana çıxarılması üçün hökumətin cəhdləri təqdir edilməlidir: “Beynəlxalq arenada inqilabçı hədəf və metodların gündəmə gətirdilməsindən utanılmaması bu hökumətin ən böyük cəhdlərindəndir. Dünya həyatında yolun sağlam qət edilməsi üçün heç olmasa ilahi fərzlərin yerinə yetirilməsi və haramlardan çəkinilməsi zəruridir”.
Sonda ali dini lider İran prezidenti Mahmud Əhmədinejada və hər bir nazirə Qurani-Kərim hədiyyə edib.