Bakı. Könül Cəfərli – APA. Yukiya Amano Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) yenidən icraçı direktoru seçildikdən sonra ilk olaraq İranın mübahisəli nüvə proqramından danışıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, Y. Amano bildirib ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik mütləq diplomatik yolla həll edilməlidir.
Qeyd edək ki, martın 6-da Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin iclası keçirilib. Yığıncaqda Y. Amano yenidən 4 il müddətinə agentliyin icraçı direktoru seçilib. İclasda rəsmi şəkildə heç bir seçki keçirilməyib, sadəcə AEBA İdarə Heyətinin üzvləri Y. Amanonun öz vəzifəsində qalmasını məqsədəuyğun sayıblar. Ancaq AEBA rəhbərliyinə bu ilin sentyabrında rəsmi qaydada seçki keçiriləcək. Yapon əsilli Y. Amano 2009-cu ildə AEBA-nın icraçı direktoru seçilib.