Bosniya müsəlmanlarına qarşı soyqırımın təşkilatçısı, 13 ildir axtarışda olan Radovan Karadziç yaxalanıb

Bosniya müsəlmanlarına qarşı soyqırımın təşkilatçısı, 13 ildir axtarışda olan Radovan Karadziç yaxalanıb
# 22 iyul 2008 07:56 (UTC +04:00)
Belqrad APA. Bosniya müharibəsi zamanı müsəlman bosniyalılara qarşı soyqırımın təşkilatçılarından olan və uzun müddətdir axtarılan Radovan Karadziç iyulun 21-də gecə həbs edilərək Serbiyanın paytaxtı Belqrada aparılıb. APA-nın xəbərinə görə, bu barədə Serbiya Milli Təhlükəsizlik Şurası məlumat yayıb. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalla əməkdaşlığa dair qanuna uyğun olaraq R. Karadziç hərbi cinayətlər üzrə istintaq təcridxanasına salınıb. Bosniya serblərinin keçmiş liderinin hansı şəraitdə yaxalandığı barədə informasiya verilmir. Beynəlxalq tribunalın nümayəndələri hadisəni 90-cı illərdə keçmiş Yuqoslaviya ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılmasında ciddi dönüş anı kimi qiymətləndiriblər. Çünki R. Karadziç Bosniya serblərinin ordusunun komandanı olmuş general Ratko Mladiç və Xorvatiya ərazisindəki tanınmamış “Serb Respublikası”nın “prezidenti” Qoran Xadziçlə birlikdə ən çox axtarılan şəxslərin siyahısında ilk “üçlük”də idi. R. Mladiç və Q. Xadziç artıq həbs olunublar. Haaqadakı tribunal Serbiya hökumətindən insanlığa qarşı cinayətlərdə suçlanan bu şəxslərin təhvil verilməsini tələb edir.
Qeyd edək ki, R. Karadziç 1992-1995-ci illərdə Bosniya müsəlmanlarına qarşı hərbi cinayətlərdə, xüsusən də 1995-ci ildə Srebrenitsa şəhərində törədilmiş və 8 minə yaxın müsəlmanın ölünü ilə nəticələnmiş soyqırımda ittiham edilir. R. Karadziçə qarşı rəsmi ittihamlar 1995-ci ilin 25 iyulunda irəli sürülüb və onun haqqında beynəlxalq axtarış elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR