Bank Of Baku

Türkiyəli ekspert: “Rusiya Gürcüstana münasibəti ilə sabiq sovet respublikalarına mesaj göndərir”

Türkiyəli ekspert: “Rusiya Gürcüstana münasibəti ilə sabiq sovet respublikalarına mesaj göndərir”
# 19 avqust 2008 11:05 (UTC +04:00)
İstanbul-APA. “Türkiyənin təklif etdiyi Qafqaz Sabitlik Paktının təməl əsasları məlum deyil”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna Milli Hegemonluq Hərəkatının lideri, sabiq dövlət naziri Kamran İnan verib. O, Cənubi Qafqazda dövlətlərin maraqlarını uzlaşdırmağın çətin olacağını vurğulayıb: “Ermənistanın Türkiyəyə qarşı iddiaları və ittihamları göz qabağındadır, ermənilər bizdsən torpaq tələb edirlər. Onlar Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. İran Ermənistana daim dəstək verir. Rusiyanın Gürcüstana münasibəti məlumdur – suveren bir ölkənin torpaqları işğal edilib. Bütün bu vəziyyəti nəzərə alaraq Qafqaz Sabitlik Paktının necə formalaşdırılacağı sual altındadır”. Kamran İnan Rusiyanın son addımlarını belə şərh edib: “Rusiya Kosovonun müstəqilliyini həzm edə bilmədi. Belqrad “Soyuq müharibə” dövründə və ondan sonra Moskvanın ən yaxın müttəfiqi olub. Rusiya Yuqoslaviyanın parçalanması və ən nəhayət son yara olan Kosovonun müstəqilliyi ilə barışa bilmir. İkincisi, Rusiya son hadisələrlə sabiq sovet respublikalarına mesaj vermək istədi: “Qərb dünyası ilə yaxınlaşmağınızı qəbul edə bilmirəm. Siz mənim ehtiyat poliqonumsunuz”. Xatırlayırsınızsa, Rusiya müstəqilliyini elan edən kimi “Yaxın xaric” deyə bir doktrina qəbul edib. Bu doktrinanın əsl mənası Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın Rusiyanın təsir dairəsindən çıxmaması demək idi. Daha sonra ruslar yeni bir hərbi strategiya qəbul etdilər. Bu strategiya milli mənafe tələb edən zaman rusların nüvə silahından istifadə edə bilməsi idi. Bu hadisələr fonunda tarix boyu rusların sərt münasibətindən əziyyət çəkmiş Polşa ABŞ-ın hava hücumundan müdafiə sistemini öz ərazisində yerləşdirməyə razılıq verdi. Bu razılaşma əsasında ABŞ həmçinin Polşa ordusuna təlim keçəcək. Rusiyanın buna qarşı bəyanatlarını xatırlatmaq istəyirəm. Bu ölkənin müdafiə naziri bəyan etdi ki, Polşa cəzasız qalmayacaq. Baş qərargah rəisinin müavini isə bəyan etdi ki, lazım gəlsə nüvə silahından istifadə edərik və nüvə başlıqlarımızı Polşaya doğru istiqamətləndirərik. Bunlar həddən artıq sərt bəyanatlardır. Bilirsiniz ki, Gürcüstanla atəşkəs sazişini Rusiyaya Fransa imzaladıb. Amma bu sazişin şərtləri çox ağırdır”. Kamran İnan dünyanın yenidən güc mərkəzləri arasında bölüşdürülməsi prosesinin başlandığını bildirib: “Bu gün Rusiyanın geniş ərazisi var, 152 milyon əhalisi var. Amma hərbi baxımdan Rusiyanın ABŞ-la yarışa girməsi mümkün deyil. Onların gücü arasında çox fərq var. Soyuq müharibə dövründə SSRİ bugünkü Rusiyadan qat-qat güclü idi. SSRİ dağıldıqdan sonra rus əsgərləri çörək pulu üçün silahlarını satırdılar. Ancaq neft və qazın qiymətinin qalxması Rusiyanı gücləndirib. İqtisadi inkişaf olsa da, Rusiyanı güclü dövlət saymaq olmaz. Gələcəkdə Rusiyanın ABŞ-la yarışa başlaması mümkün belə deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR