Bank Of Baku

AŞ PA-da Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə dair fövqəladə müzakirələr keçirilib

AŞ PA-da Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə dair fövqəladə müzakirələr keçirilib
# 30 sentyabr 2008 16:31 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, öncə AŞ PA-nın 22.09-25.09.2008 tarixlərində Rusiya və Gürcüstanda səfərdə olmuş faktaraşdırma missiyasının məruzəsi dinlənilib. Sonra deputatlar məsələ ilə bağlı çıxış ediblər. Çıxışlarda əsas diqqət AŞ üzvü olan iki dövlətin müharibə etməsinin yolverilməzliyinə, insan haqlarının müdafiəsinə, dialoqun davam etdirilməsinə, avqust ayında Avropa İttifaqının təşəbbüsü ilə tərəflər arasında imzalanmış sülh planının şərtlərinə riayət olunmasına, habelə məsələnin dərindən araşdırılmasına, səhih məlumatların əldə olunması üçün müstəqil təhqiqatın aparılmasına yönəldilib. Deputatlar habelə regionda humanitar vəziyyətin acınacaqlı olmasına, çoxlu sayda insanın tələfatına diqqət çəkiblər.

AŞ PA-nın Gürcüstan üzrə həmməruzəcisi Kastriot İslami çıxışında bəyan edib ki, bu münaqişə təkcə Gürcüstan və Rusiyanın deyil, bütövlükdə Avropanın məsələsidir. O bu müharibənin enerji təhlükəsizliyini də təhdid altına aldığını vurğulayıb və AŞ-nin bu vəziyyətlə barışmayacağını qeyd edib: “AŞ məsələyə qətiyyətli münasibət sərgiləməli, onun təməl prinsipləri olan insan haqları və qanunun aliliyinin təmin olunmasına zəmanət verilməlidir. Etnik təmizlənmənin aparılması yolverilməzdir. Tərəflər üzərinə götürdükləri öhdəliklərə əməl etməlidir. Hökumətlər və AŞ müharibənin məsuliyyətini dərk edərək, münaqişənin həll olunmasına, eləcə də Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasına təminat verməlidir”.

Gürcüstan üzrə digər həmməruzəçı Matyaz Öshi isə çıxışında həqiqətin aydın olması üçün müstəqil təhqiqatın aparılmasının zəruriliyini vurğulayıb: “Hər iki tərəf müharibənin qarşısını almaq ucun kifayət qədər səy göstərməyib. AŞ tənqid etmək və pisləməklə yanaşı, problemin həllinə yardım da göstərməlidir. Cənubi Osetiya və Qafqazda vəziyyət tarazlaşdırılmış deyil. Rusiya ilə Gürcüstan razılığa gəlməli, müharibə qurbanlarının geriyə dönüşü, insan haqlarına riayət olunması təmin olunmalıdır”.

Müzakirələr oktyabrın 2-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR