Bank Of Baku

Gürcüstan rəsmisi: “Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir”

Gürcüstan rəsmisi: “Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir”
# 30 sentyabr 2008 18:37 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə həsr olunmuş müzakirələrdən sonra Gürcüstanın qurumdakı nümayəndə həyəti və bu ölkənin xarici işlər nazirinin müavini Georgi Bukeria mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun məlumatına görə, G. Bukeria müzakirələrin getdiyi zaman Rusiyanın Gürcüstan ərazilərinin işğalını davam etdirdiyini bildirib: “Biz avropalı ekspertlərin Gürcüstana və işğal edilmiş ərazilərə gəlmələrini, Rusiyanın təcavüzünə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymət verilməsini istəyirik. AŞ PA-nın oktyabrın 2-də qəbul edəcəyi qətnaməyə gəldikdə, gürcü tərəfi, əsasən, parlamentarilərin və ümumilikdə Avropa institutlarının bu məsələdə vahid, yekdil fikrə gəlməsinə çalışır”.

G. Bukeria deyib ki, AŞ PA-da Rusiya nümayəndə həyətinə qarşı sanksiya qəbul edilməsi qurumun səlahiyyətində olan məsələdir və gürcü tərəfi bu məsələdə hər hansı spekulyasiyaya əl atmaq niyyətində deyil: “Lakin bəzi məsələlər var ki, onlar fakt kimi qəbul edilməlidir. Biz Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qəsb etməsinə heç cür dözümlülük göstərə bilmərik. Bu qəbuledilməzdir və beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün müəyyən addımlar atmalıdır”.

Kosovo ilə Cənubi Osetiya problemi arasında çoxlu fərqin olduğunu diqqətə çatdıran G. Bukeria beynəlxalq birliyin Kosovoya etnik təmizləməyə son qoymaq üçün müdaxilə etdiyini bildirib: “Cənubi Osetiyanın timsalında isə azlıqda olanlar tərəfindən çoxluğa qarşı etnik təmizləmənin aparılmasının şahidi oluruq. Gürcüstan hakimiyyətinin müdaxilə etməməsi bu etnik təmizləməyə rəvac vermə anlamına gələr və bu, ölkə ərazisinin bir hissəsinin ələ keçirilməsi üçün bir vasitə olardı. Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir”.

Gürcüstan hökumətinin 4 ildir, münaqişəni həll etmək üçün beynəlxalq norma və prinsipləri tətbiq etməyə cəhd göstərdiyini qeyd edən nazir müavini Rusiyanın regionda ATƏT və Avropa İttifaqının əsl sülhyaratma qüvvələri yaratması yönündə bütün səylərinin qarşısını aldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR