Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının ildönümü ilə bağlı Strasburqda görüşlər keçirir

Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının ildönümü ilə bağlı Strasburqda görüşlər keçirir
# 26 fevral 2010 21:20 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli–APA. Fransada Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsi məqsədi ilə bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti bu gün Fransanın Strasburq şəhərində Türk və Azərbaycan diaspor təmsilçiləri ilə görüşüblər.

APA-nın Avropa bürosu müxbirinin verdiyi xəbərə görə, Strasburqdakı tədbirlərə qatılmaq üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, ATXƏM-in sədri İlham İsmayılov, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalılardan Nadir Orucov iştirak edirlər. Qeyd edək ki, Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı bu tədbirlər Strasburq "Azərbaycan Evi" ilə birgə həyata keçirilir.

Dünəndən etibarən görüşlərə başlayan, Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda ITIRI-Yazılı və Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycan Respublikasının Diaspora siyasəti, icrası və Azərbaycan Diasporasının əsas məsələləri" adlı konfransına qatılıblar. Azərbaycandan gələn qonaqlar konfransda Azərbaycanlı və xarici tələbələrdən ibarət auditoriya qarşısında Azərbaycan həqiqətləri və əsasən də Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqda geniş çıxış etdilər və görüş iştirakçılarını maraqlandıran suallara cavab verdilər.

Bu gün isə Azərbaycandan gəlmiş nümayəndə heyəti Strasburq universitetinin Türkologiya fakültəsi tələbələri və eləcə də Strasburqda təhsil alan Azərbaycanlı tələbələr qarşısında «Azərbaycan Diasporu və Fransa-Azərbaycan Əlaqələri» mövzusunda çıxış ediblər. Bundan başqa bugünkü görüşdə Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirmək vacib olduğu qərara alındı. Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Strasburqda və ümumilikdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə iş qurmaları vacibliyi qeyd olundu. Görüşdə Azərbaycan nümayəndə heyəti Azərbaycan və Qarabağla bağlı Azərbaycan, rus, ingilis və fransız dillərində nəşr olunmuş çoxsaylı kitab və bukletləri görüş iştirakçılarına və eləcə də Strasburqdakı Azərbaycan evinin kitabxanasına verdi.

Fevralın 27-də isə Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi Kleber meydanında keçiriləcək nümayişə qatılacaqlar. Hər il olduğu kimi, Strasburqda fəaliyyət göstərən və güclərini birləşdirən 3 cəmiyyət; Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası sabahkı nümayişdə iştirak edəcəklər. Bundan başqa Strasburqda və ətraf şəhərlərdə fəaliyyət göstərən Azərbaycan, türk, fransız və digər təşkilatlarının da nümayişə qatılması gözlənilir. Nümayişdən sonra Strasburqa gələn nümayəndə heyəti Azərbaycan Evinin qonağı olacaq və Strasburqda yaşayan soydaşlarımız və tələbələrlə görüş keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR