Bank Of Baku

Türkiyə müxalifəti uydurma “erməni soyqırımı” ilə bağlı Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edilməsini istəyir

Türkiyə müxalifəti uydurma “erməni soyqırımı” ilə bağlı Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edilməsini istəyir
# 19 mart 2010 16:34 (UTC +04:00)
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Paris Universitetinin hüquq və iqtisadi elmlər fakültəsinin məzunu, Türkiyənin Yaponiya və ABŞ-dakı sabiq səfiri, Türkiyə XİN aparatının sabiq rəhbəri, hazırda Cümhuriyyət Xalq Partiyasının üzvü olan millət vəkili Mustafa Şükrü Ələkdağ bu məsələ ilə əlaqədar ətraflı hüquqi sənəd hazırlayaraq prezident Abdulla Gülə təqdim edib.

BMT-nin Soyqırım Konvensiyası və soyqırımla bağlı bu günə qədər presedent təşkil edən məhkəmə qərarları əsasında hazırlanan sənəddə Türkiyənin önündə iki yol olduğu göstərilir. Birinci yol ermənilərin soyqırım yalanını tanımış ölkələr haqqında Beynəlxalq Haaqa Məhkəməsinə şikayət etmək, ikinci yol isə Ermənistana 1915-ci il hadisələrinin Beynəlxalq Haaqa Məhkəməsində araşdırılması üçün bu instansiyaya birgə müraciət barədə təklif irəli sürülməsidir.

M. Ş. Ələkdağ hesab edir ki, erməni yalanlarını qəbul edən ölkələr BMT Soyqırım Konvensiyasına zidd hərəkət edir. Konvensiyaya görə, bir dövlətə qarşı yönəldilən ittiham səlahiyyətli hüquqi instansiyaların müvafiq qərarlarına əsaslanmalıdır. Üstəlik, soyqırım cinayətinin həqiqətən baş verdiyinin müəyyənləşdirilməsi üçün də Konvensiyada qeyd olunmuş səlahiyyətli məhkəmənin qərarı olmalıdır. Konvensiyanın 9-cu maddəsi əsasında Beynəlxalq Məhkəməyə ediləcək müraciətdə dünya parlamentlərinin 1915-ci il hadisələrinin soyqırım olduğuna dair qərar vermək səlahiyyətinin olub-olmadığı və Konvensiyanın 2-ci maddəsinə əsasən 1915-ci ildə baş verənlərin soyqırımın tərifinə uyğun gəlib-gəlmədiyinin aydınlaşdırılması xahiş edilə bilər.

İkinci varianta (Ermənistanla birlikdə Beynəlxalq Məhkəməyə müraciət) üstünlük verilərsə, bu durumda Türkiyə təkbaşına hərəkət edə bilməz. Çünki ölkələr arasındakı ixtilafın beynəlxalq hüquqi müstəviyə çıxarılması üçün bütün tərəflərin razılığı lazımdır. Yəni Beynəlxalq Məhkəməyə getməyi Ermənistan da qəbul etməlidir. M. Ş. Ələkdağ Ermənistanın bu təklifi qəbul etməsi ehtimalının sıfır olduğunu bəyan edib. Çünki əvvəla, İrəvanın əlində soyqırımı təsdiqləyəcək ciddi və kifayət qədər sübut yoxdur. İkincisi də, Ermənistan hökuməti soyqırımla bağlı araşdırma aparılması və beləliklə, bu mövzunun mübahisəli hala gəlməsi ilə razılaşmaz. Çünki bütün ermənilər soyqırımın həqiqətən baş verdiyinə əmindir və bunun müzakirə mövzusuna çevrilməsini rədd edirlər. M. Ş. Ələkdağın fikrincə, Ermənistan bu təklifi rədd etdikdən sonra beynəlxalq arenada siyasi və psixoloji üstünlük Türkiyəyə keçəcək.

Sənədin sonunda fikirlərini ümumiləşdirən təcrübəli diplomat bildirib: “Türkiyənin beynəlxalq məhkəmə təklifi hər baxımdan ölkəmiz üçün yararlıdır. Bu yol heç bir risk daşımır. Türkiyənin bu təklifi dünyanın əzbərini pozacaq və bizim mövqeyimizin inandırıcılığı artacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR