Bank Of Baku

Lapankuridə nisbi sakitlikdir, əməliyyatın ikinci mərhələsi başlayıb – REPORTAJ - FOTOSESSİYA

Lapankuridə nisbi sakitlikdir, əməliyyatın ikinci mərhələsi başlayıb – <font color=red>REPORTAJ - FOTOSESSİYA</font>
# 01 sentyabr 2012 10:59 (UTC +04:00)
Kaxeti-Lapankuri. Nizami Məmmədzadə - APA. Son günlər dünyanın diqqət mərkəzində olan Lapankuri kəndinə, Kaxetiyə səfər üçün səhər saat 9-da Telavi rayon Polis Şöbəsində, İcra Hakimiyyətində olduq. İcra Hakimiyyətində dedilər ki, kənddə heç bir qorxu yoxdur, ora rahat getmək olar. İcra başçısı Nuqzar Xuqanidze Lapankuridə olan hadisələrə də münasibət bildirdi: “Sakitlikdir, indi heç bir xüsusi əməliyyat gözlənilmir. Məlumata görə, meşədə gizlənən yaraqlılar uzaqlara gediblər. Yəqin ki, məlumatınız olar, onlardan 11 nəfərini bizim hərbiçilər zərərsizləşdiriblər. Bizimkilərdən də 3 nəfər itkin düşüb. İndi hər şey ciddi nəzarətdədir”.

İcra başçısı orada çalışan Georgi adlı şəxsə tapşırıq verib, ondan bizə yolu göstərməsini xahiş edir: “Bağışlayın, Georgi sizə yolu göstərib geri qayıdacaq, bizim işçi oraya gedə bilməz”. Georgi bizi Alazani çayı tərəfə uzanan əsas yola çıxarıb, “Oradakı polislər sizin adınızı bilir, gedə bilərsiz”, deyir.

Lapankuriyə üz tuturuq, 5 kilometr irəliləyəndən sonra üzərinə “Lapankuri” yazılan plakatla rastlaşırıq.

Lapankuri kasıb və gözdən-könüldən uzaq bir kənddir. Kəndin içində gözümə ara-sıra adamlar dəyir. Bir az irəlidə hüzr yeri, keşişlər görünür. Meşədə girovların azad edilməsi zamanı xüsusi əməliyyatda öldürülənlərin yas məclisi olduğunu düşünsək də, belə deyildi...

Kəndin yuxarı hissəsinə gedirik. Burada Gürcüstanın aparıcı televiziya kanalları canlı yayım aparmaq üçün hazır dayanmışdılar. Tanış jurnalistlərlə söhbətləşirik: “Deyilənə görə, əməliyyatın birinci mərhələsi bitib. Bu gün ikinci faza başlayır. Biz iki gündür buradayıq. Lakin elə bir hadisə olmayıb. Dünən bir çox əsgərlər meşəni tərk etdilər. Bu gün səhər isə iki hərbi maşın dolu hərbçilər meşəyə daxil oldular. Bizi buraxmırlar. Çatan məlumata görə, daxili işlər nazirliyinin əməkdaşları və xüsusi təyinatlı əməliyyat qrupu üzvləri meşədə yaralıları axtarırlar. Meşəyə daha çox qüvvələr gətirilir”.

Məlumatlara görə, Dağıstandan Lopota meşələrinə daxil olan yaraqlılar diversiya yaratmaq istəyiblər. Onlar Lapankuri kəndindən 5 cavan oğlanı girov götürüblər. Gürcüstan Daxili İşlər Nazirliyi meşədə gizlənən və gəncləri girov götürən yaraqlıları gəncləri sülh yolu ilə azad etməyə çağırıb. Lakin əvəzində silahlar işə düşüb, yaraqlılar tabe olmaq istəməyiblər. Gürcüstanın DİN-in əməkdaşları və xüsusi təyinatlı dəstələr dərhal 5 nəfər girovu azad ediblər. Lakin gərgin döyüşdə Gürcüstanın iki dəfə dünya çempionu, mayor Arçil Çoxeli, bir snayper və hərbi həkim həlak olub.

Kənd sakinləri ilə söhbət etmək üçün uzaqda kötüklərin üstündə oturan cavanlara üz tuturuq. Amma onlar susurlar.

Kənd icra nümayəndəsi Moris Parkinaşvili də məlumat vermək istəmir: “Bizi əməliyyat tərəfə buraxmırlar. Kənddən 30 kilometr aralıda qalın meşəlikdə döyüş aparılıb. Bizə dəqiq məlumat verən yoxdur. Bilirik ki, Dağıstan tərəfdən keçən yaraqlılardan yaralananlar var və daha 6 nəfərin axtarışı gedir. Bildiyim budur”.

İcra nümayəndəsi avqustun 30-da ölkə prezidentinin kəndə gəldiyini də bildirib: “Biz indi daha da ürəkləndik. O, kəndimizə qaz və yol çəkməyə söz verdi”.

Gürcüstan prezidenti Lapankuri kəndinə gələndə sakinlər qarşısında çıxış edib. O, keçirilən əməliyyatın əhəmiyyətindən danışıb. Prezident qeyd edib ki, müasir Gürcüstanda silahlanan adamlara yer yoxdur: “Biz onları süfrəmizə dəvət edə, çörək və ərzaq verə bilərik. Biz heç kimin ölümünə sevinmirik. Elə bizim adamlarımızı - ən yaxşı əsgərlərimizi və ən yaxşı vətəndaşlarımızı öldürənlərin ölümünə də sevinmirik. Kaxetililər bir daha inandı ki, burada yaşayanlar həmişə müdafiə olunur”.

Mixail Saakaşvili onu da deyib ki, terrorçuların milliyyəti yoxdur, onlara haqq qazandırmaq olmaz: “Bu dağların o üzündə qarmaqarışıqlıqdır. Dağların bu tərəfində isə Kvareli və Gürcüstan tikilir. Biz istəyirik ki, şimalda yaşayan dostlar bura gəlsinlər. Bunun üçün viza lazım deyil. Sülhlə gəlsinlər, biz də onları sülh ilə qarşılayacağıq. Siz isə qorxmayın, biz sizinləyik. Dağları heç kim keçə bilməz”...

Yaxınlıqdakı kənd sakinlərinə azad edilən girovlarla görüşmək istədiyimizi bildiririk. Lakin həmin an onlar maşına minib gedirlər. Nodar adlı sakin isə “Onlar kənddə yoxdur. Telaviyə aparıblar. Heç kim sizə informasiya verməz. Kənddə heç kim hadisənin necə baş verdiyini bilmir. Çünki bu gənclər kəndin meşəyə yaxın hissəsindən girov götürülüb. Bircə onu bilirəm ki, onları döyməyiblər, incitməyiblər, hətta deyildiyinə görə, onlara yemək də veriblər” – deyir.

Başqa bir sakin - İosif Tsiqroşvili isə girov götürülənlərin ikisinin adını açıqlayır: “Biz kənd adamlarında heç bir informasiya yoxdur. Girov götürülənlərin hamısı bizim kənddə yaşayırlar. Onlardan ikisi yaxınlıqda yaşayır - Levan Qaraşvili və Leri Xutsurauli. Mən kənddə yaşamıram. Telavidə yaşayıram. İndi həyətyanı sahəmin məhsulunu yığmağa gəlmişəm”...

Lopota vadisində yenə əməliyyata hazırlıq gedir. Hələlik bölgədə sakitlikdir. Kənddə hamı öz iş-gücündədir. Hərdən polis və hərbi maşınlar görünür, tezcə də yox olurlar. Kəndin qurtaracağında cəmi bir polis maşını növbə çəkir. Lapankuri kəndində 300 ailə yaşayır. Sakinlər maldarlıq və qoyunçuluqla məşğuldurlar. Bu il kəndin həyətyanı sahələrində meyvə ağacları bol meyvə gətirib. Kənd qocaları “gənclik artıq kənddən gedir, biz isə burada evlərimizə keşik çəkirik”, deyirlər.
Qeyd edək ki, 2005-ci ildə Lapankuri kəndinin 100 illiyi qeyd olunub. Bu münasibətlə kənddə abidə də qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR