Bank Of Baku

Gürcüstanda keçirilən seçkilərdə pozuntu faktları əsasən Kvemo-Kartli və Kaxetiyada qeydə alınıb

Gürcüstanda keçirilən seçkilərdə pozuntu faktları əsasən Kvemo-Kartli və Kaxetiyada qeydə alınıb
# 01 oktyabr 2012 15:21 (UTC +04:00)
Seçkilər yerli vaxtla saat 20.00-da yekunlaşacaq. “Lent.az”ın Gürcüstana ezam olunmuş müxbiri Səbuhi Məmmədlinin APA-ya verdiyi məlumata görə, seçkilər normal keçir, o qədər də böyük qanun pozuntuları müşahidə olunmur. Pozuntu faktları əsasən, Kvemo-Kartli və Kaxetiyada müşahidə edilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) yerli vaxtla saat 15.00-ə olan açıqlamasında seçicilərin 45 faizinin seçkilərdə iştirak etdiyi açıqlanıb. Ən yüksək seçici fəallığı Kvemo-Kartlidə qeydə alınıb.

Bir qədər öncə əsas müxalifət seçki bloku olan “Gürcü arzusu”nun mənzil-qərargahından seçicilərin yerli vaxtla saat 20.00-da Tiflisin Azadlıq meydanına gəlmələri üçün çağırış yayılıb. Daha sonra “Gürcü arzusu” blokunun namizədlər siyahısında birinci yerdə olan Kaxa Kaladze seçiciləri yerli vaxtla saat 19.00-da Azadlıq meydanına dəvət edib.

Hazırda müxalifət “Exit Poll”un nəticələrinin elan olunması üçün Tiflis küçələrində böyük ekranlar quraşdırır.

“Gürcü arzusu”nun lideri Bdzina İvanaşvili isə deyib ki, seçkilər demokratik keçirilərsə, blok parlamentdə olan yerlərin 2/3-sini götürəcək: “Biz qalib gələcəyik. Demokratik seçkilər keçiriləcəyi halda Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasından heç kim parlamentə düşməyəcək”.

Gürcüstan prezidenti səsvermədə iştirak edəndən sonra Kutaisi, Xaşuri və başqa bölgələrə səfərə gedib. Mixail Saakaşvili burada yerli əhali və turistlərlə görüşüb.

“Gürcü arzusu” blokunun mətbuat xidmətinin rəhbəri Maya Pancikidze son açıqlamasında müxalifət tərəfdarlarını bu gün saat 19.00-da Tiflisin ayrı-ayrı 8 yerində toplanmağa çağırıb. Bununla yanaşı, o, Batumi, Kutaisi, Samtrediya, Zuqdudi, Telavi, Qori şəhərlərində olan müxalifət tərəfdarlarını həmin vaxtda meydanlara dəvət edib.

Bir qədər öncə Böyük Britaniya Xarici İşlər Nazirliyi bu ölkədə yaşayan Britaniya vətəndaşlarına müraciət edib. Müraciətdə Gürcüstanda vəziyyətin gərgin olacağı ehtimal edilir, Britaniya vətəndaşlarından insanların sıx olduğu yerlərə getməməyə çağırılır.
ABŞ-ın Gürcüstandakı səfirliyi isə Gürcüstan xalqını təmkinli olmağa, seçkilərin nəticələrini gözləməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR