Bank Of Baku

Trabzonda Türk Dünyası Memarlıq və Şəhərçilik Qurultayı keçirilib

Trabzonda Türk Dünyası Memarlıq və Şəhərçilik Qurultayı keçirilib
# 31 oktyabr 2012 20:20 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Türkiyənin Trabzon şəhərində V Türk Dünyası Memarlıq və Şəhərçilik Qurultayı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin mətbuat xidməti məlumat verib. Valeh Hacılar Vəqfinin dəstəyi və təşkilatçılığı ilə keçirilən beynəlxalq qurultaya Türk Dünyasının bir çox şəhərlərindən 200-dən çox təmsilçi qatılıb. Qurultayda görkəmli alimlər və ictimai xadimlər, dövlət adamları, qonaqlar çıxış edərək müasir zamanda bu tədbirin böyük əhəmiyyət daşıdığını bildiriblər. Məlumata görə, tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin əməkdaşı Dr. Fəxri Valehoğlu təmsil edib və məruzə ilə çıxış edib. Qurultayda “Uluslararası Memar Sinan Proje Olimpiadaları” müsabiqəsinin nəticələri açıqlanıb və qaliblərə Memar Sinan mükafatları təqdim olunub. Qurultayın keçirildiyi gün Trabzonun − dünyanın ən qüdrətli hökmdarlarından Qanuni Sultan Süleymanın doğulduğu şəhərin sahil parkında bələdiyyənin Mehtəran orkestrinin ifasında Osmanlı marşlarının sədaları altında “Bilgə Xaqan Yazıtı” abidəsinin təntənəli açılış mərasimi keçirilib. Xatırladaq ki, Bilgə Xaqan Göytürk imperatorluğunun qurucusu olubr.
Qurultayın mədəniyyət proqramı çərçivəsində Trabzon Avni Aker stadionunda yerli “Trabzonspor” futbol klubu ilə Qazaxıstanın Kokçetau (Göyçədağ) şəhərinin “Okzhetpes” futbol klubu arasında yoldaşlıq görüşü baş tutub. Həmçinin şəhərin Meydan adlanan mərkəzi hissəsində açıq havada populyar qazax, türkmən, başqırd və tatar müğənnilərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Türkiyədə fəaliyyət göstərən Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin mətbuat xidmətindən APA-ya bildirilib ki, “Atayurddan anayurda salamlar” və “Dildə, fikirdə, işdə birlik” şüarları altında Trabzonda təşkil edilən bu qurultay Borçalının Darvaz elində doğulan və Tiflisdə fəaliyyət göstərən görkəmli folklorşünas alim, şair və tədqiqatçı Valeh Hacıların xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” beynəlxalq simpoziumundan (18-21 aprel 2012-ci il) sonra növbəti 4-cü möhtəşəm tədbirdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR