Belçikada son 24 saat ərzində 303 nəfər koronavirusdan ölüb.
APA-nın xəbərinə görə, Belçika Krallığının Səhiyyə Nazirliyinin Böhran Qərargahından bildirilib ki, pandemiya başlayandan ölkədə 3 903 nəfər virusun qurbanı olub.
Son sutka ərzində daha 942 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 30 589 nəfər təşkil edir.
Hazırda xəstəxanalarda 5393 koronaviruslu xəstə var, onlardan 1234-ü intensiv terapiya şöbəsindədir.
Belçikada martın 14-dən aprelin 19-dək sosial izolyasiya tədbirləri tətbiq olunub. Bu müddətin mayın 3-dək uzadılacağı gözlənilir.
Məlumatda o da bildirilir ki, son günlər xəstəxanaya yerləşdirilən şəxslərin sayında azalma müşahidə olunur, daha çox insan sağalaraq xəstəxanalardan buraxılır.