Gürcüstanda koronavirusa görə qoyulan məhdudiyyətlər mərhələli şəkildə götürüləcək

Gürcüstanda koronavirusa görə qoyulan məhdudiyyətlər mərhələli şəkildə götürüləcək
# 24 aprel 2020 15:31 (UTC +04:00)

Gürcüstanda koronaviorusa görə tətbiq edilən məhdudiyyətlər 6 mərhələdə aradan qaldırılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Qurumlararası Koordinasiya Şurasının iclasında bildirib. Onun sözlərinə görə, aprelin 27-də başlanacaq ilk mərhələdə ölkə ərazisində avtomobillərin hərəkəti və taksi fəaliyyəti bərpa ediləcək, onlayn qaydada topdan və pərakəndə satış, həmçinin aqrar tipli bazarların fəaliyyəti bərpa ediləcək.

İki həftə ərzində başlanması planlaşdırılan ikinci mərhələdə isə tikinti ilə əlaqədar sahələrə, avtomobil və kompüter texnologiyalarının təmiri və qulluğu ilə bağlı fəaliyyət növlərinə icazə veriləcək.

Üçüncü mərhələdə ölkə ərazisində topdan və pərakəndə satış obyektləri açılacaq, bütün növ bazarların fəaliyyəti bərpa ediləcək.

Dördüncü mərhələdə isə ticarət mərkəzləri, yerində xidmət göstərən açıq hava restoranlarının, gözəllik salonları və bərbərxanaların, maliyyə xidməti göstərən obyektlərin fəaliyyəti bərpa olunacaq.

Beşinci mərhələdə qapalı bazarlar, sərgilər və bütün növ restoranların fəaliyyəti bərpa ediləcək.

Məhdudiyyətlərin götürüləcəyi sonuncu-altıncı mərhələdə isə əyləncə və istirahət mərkəzlərinin, idman zallarının, mərc oyunlarının keçirildiyi obyektlərin, hotellərin, təhsil müəssisələrinin fəaliyyətinə icazə veriləcək.

Baş Nazir həmçinin qeyd edib ki, Gürcüstan koronavirus səbəbi ilə yaranmış iqtisadi böhranın idarə edilməsi məqsədi ilə 3 milyard 500 milyon lari xərcləyəcək. Onun sözlərinə görə, ayrılacaq vəsaitdən 1 milyard 35 milyon lari ünvanlı sosial yardım kimi, 2 milyard 110 milyon lari isə iqtisadiyyata və sahibkarlığa dəstək kimi xərclənəcək.

Giorgi Qaxariya qeyd edib ki, mərhələlərin tətbiqi arasında 2 həftə interval olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR