ABŞ İsveç və Finlandiyanı tezliklə NATO-nun üzvü kimi görməyə ümid edir.
APA xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culianna Smit xarici jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, yalnız ABŞ deyil, digər müttəfiq ölkələr də İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə tam dəstəklərini ifadə edirlər.
"NATO Baş katibinin də artıq dediyi kimi bu iki ölkənin üzv olması istiqamətində proses çox sürətli gedib, 30 üzvdən artıq 28-i onların üzvlüyünü ratifikasiya edib. Biz digər iki ölkə - Türkiyə və Macarıstanla da yaxından işləyirik. Biz İsveç və Finlandiyanın üzvlüyü ilə bağlı dəstəyimizi bəyan etmişik və bu iki ölkənin NATO-ya tezliklə üzv olmasına ümid edir və bunu görmək istəyirik".
ABŞ diplomatı vurğulayıb ki, İsveç və Finlandiya üzv olmamışdan qabaq belə alyansa böyük töhfələr verir. "İsveç və Finlandiya NATO missiyalarında iştirak edir, təlimlərə qatılır. Bizim ümumi təhlükəsizliyimizə töhfə verir. Üzv olduqdan sonra onlar öz təcrübələrini alyansa gətirəcəklər".