Avropa İttifaqının 2030-cu ilədək xarici hərbi müdaxiləyə effektiv cavab vermək imkanına malik olub-olmayacağı sual altındadır.
APA xəbər verir ki, bu barədə Avropa Auditorlar Məhkəməsinin (ECA) hesabatında bildirilib.
Hesabata əsasən, əsas problemlər Aİ-nin müdafiə sahəsində ABŞ-dən asılılığının davam etməsi və üzv dövlətlərin milli müdafiə sistemlərinin parçalanmış vəziyyətdə qalmasıdır.
ECA qeyd edib ki, Avropa İttifaqı 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından əvvəlki dövrlə müqayisədə hazırda daha yaxşı hazırlığa malikdir. Bununla belə, onilliyin sonunadək qarşıya qoyulan müdafiə hazırlığı məqsədinə çatmaq çətin olacaq.
“Aİ-də 2030-cu ilədək müdafiə hazırlığına nail olmaq mürəkkəb vəzifə olaraq qalır. Milli sistemlərin parçalanması kimi ciddi problemlər hələ də mövcuddur. Bundan başqa, biz hələ də ABŞ-dən asılıyıq”, – deyə auditə rəhbərlik edən ECA üzvü Marek Opioła bildirib.