Avropa İttifaqı (Aİ) İtaliya və Yunanıstanın tələbi ilə Rusiyadan samur xəzinin idxalına tətbiq olunan qadağanı ləğv edib.
Bu barədə "Euractiv" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, qərar ötən həftə razılaşdırılan yeni sanksiyalar paketinə daxil edilib. Məlumata görə, İtaliya və Yunanıstan Rusiyadan samur xəzinin Aİ-də əsas idxalçıları sırasındadır.
Avropa Komissiyası istisnanın zəruri olduğunu əsaslandıraraq bildirib ki, Rusiyanın qlobal samur xəz bazarında dominant mövqeyə malik olması səbəbindən Avropa istehsalçıları alternativ təchizatçılar tapmaqda çətinlik çəkirlər.
"Görünür, bu xəzləri başqa yerdən əldə etmək çox çətindir", - deyə Aİ-nin yüksəkvəzifəli rəsmisi qeyd edib.
Euractivin məlumatına görə, İtaliya və Yunanıstan qadağanın ləğvi üçün Brüsseldə fəal lobbiçilik aparıblar.
Qeyd edək ki, samur xəzi dünyanın ən bahalı xəz növlərindən biri hesab olunur və ondan hazırlanan dəbdəbəli kürklərin qiyməti yüz minlərlə avroya çata bilir.